SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 9 %-ə yaxın artırıb
- 28 mart, 2025
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 633 min 329 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 51 min 526 ton və ya 8,8 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 455 min 558 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 113 min 712 ton və ya 8,5 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.