SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 9 % artırıb
- 27 fevral, 2025
- 18:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 652 min 797 tona yaxın dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 min 867 ton və ya 9 % çoxdur.
Ümumilikdə, 2024-cü ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 524 min 445 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 51 min 788 ton və ya 3,3 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.