SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 4 %-dən çox artırıb

Energetika
  • 30 may, 2024
  • 08:54
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 4 %-dən çox artırıb

Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 625 min 052 tona yaxın dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 25 min 824 tona yaxın və ya 4,3 % çoxdur.

Ümumilikdə, 2024-cü ilin mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 380 min 825 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 144 min 165 ton və ya 11,6 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə