“SOCAR Trading” gələn ay Türkiyə üçün rezervasiya edilən qazın həcmini açıqlayıb
- 29 noyabr, 2022
- 08:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Trading” şirkəti Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə “Türkgözüz” məntəqəsinə daxil olan Azərbaycan qazını ilin son ayı üçün gündəlik 5 milyon kubmetr həcmində rezervasiya edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) məlumatında deyilir.
Bildirilir ki, Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti də dekabr ayı üçün Kıyıköy giriş nöqtəsində gündəlik 4,8 milyon kubmetr spot gücü sifariş edib. Burada “Türk axını” boru kəməri Türkiyənin qaz nəqletmə sisteminin bir hissəsidir.
Türkiyədə artıq spot gücləri tutumlarının rezervasiyası sisteminin mövcudluğu onu göstərir ki, Türkiyədə hətta yeni qaz kəmərləri olmadan da qaz qovşağı (habı) yaratmağa imkan var.
Əsasən, spot tutumlu rezervasiyalar müqaviləli çatdırılmalara əlavə olaraq baş verir. Türkiyə tənzimləyicisi belə bir sxemi bir neçə il əvvəl tətbiq edib.
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktor müavini Aleksey Qrivaç istisna etmir ki, gələcək qovşağın mexanizminin işlənib hazırlanmasına başlanıla bilər.
Türkiyədə artıq spot və gələcək tədarükləri həyata keçirən enerji birjası mövcuddur. Noyabrın ikinci yarısında Antalyada Türkiyənin Enerji Sammiti keçirilib və EPİAS birjasının baş direktoru Əhməd Türkoğlu Türkiyədə regional mərkəzin yaradılması ilə bağlı təqdimatla çıxış edib.
Türkiyə rəsmiləri bildiriblər ki, qovşağın yol xəritəsi ilin sonuna qədər hazır olacaq. İlkin olaraq “Türk axını”nın quruya çıxan bölgə olan Frakiyanı qaz habının yerləşdiyi yer kimi təklif olunur. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bir çox tədarükçülərin qazını satmağa hazırdır.
Qeyd edək ki, “SOCAR Trading” dünyanın 100-dən çox neftayırma zavoduna neft tədarük edir və bütün əsas beynəlxalq bazarlarda mövcuddur. Bu gün “SOCAR Trading” ən böyük ticarət şirkətlərindən biridir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilməyən neftdir.