SOCAR “Romgaz”la memorandum imzalayacaq
- 19 oktyabr, 2022
- 07:40
Rumıniyanın “Romgaz” dövlət neft-qaz şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında memorandum imzalanması planlaşdırılır.
Bu barədə “Report” Rumıniya mətbuatına istinadən məlumat verib.
Bildirilib ki, bu addım Rusiyadan Rumıniyaya tədarük edilən təbii qazdan asıllığı azaltmaq üçün atılır.
Məlumata görə, memorandumu Rumıniyanın Baş naziri Nikolae Çuka, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov arasında bu gün keçiriləcək görüşdən sonra imzalanması nəzərdə tutulub.
Memorandum SOCAR və “Romgaz”ın Qara dəniz sahilində mayeləşdirilmiş təbii qaz (LNG) zavoduna birgə investisiyaların yatırılmasının əsasını təşkil edəcək.
Qara dənizə sərmayə qoyuluşu ilə bağlı Baş nazir bildirib ki, bu layihənin əsası oktyabrın 1-də Sofiyada keçirilən görüşdən sonra qoyulub.
“Oktyabrın 1-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyimiz ikitərəfli görüşün yekunlarına əsasən, biz Qara dənizdə qazın mayeləşdirilməsi üzrə birgə layihənin həyata keçirilməsinin mümkünlüyünü birgə təhlil etmək barədə razılığa gəldik. Bu gün SOCAR-ın Azərbaycandan olan komandası Rumıniyada mövcuddur”, - deyə N. Çuke qeyd edib.
Layihəyə görə, Qara dənizin hər iki tərəfində - qərb və şərq sahillərində iki terminal olacaq ki, buda Böyük Xəzər hövzəsindən qazı Avropaya çatdırılmasına imkan yaradacaq.
Qeyd edək ki, Rumıniyanın ən iri təbii qaz istehsalçısı Rusiyadan başqa digər mənbələrdən qaz idxal etmək üçün ilkin addımlar atmağa başlayıb. Bununla bağlı Rumıniyaya qaz tədarük edəcək Azərbaycanla müzakirələr aparılıb.
Azərbaycan təbii qazının Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir. BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.
Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 2022-ci ilin oktyabrın 1-də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.