SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər

Energetika
  • 04 may, 2026
  • 18:35
SOCAR rəsmiləri Neptun özüqalxan qazma qurğusuna səfər ediblər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri "Umid Babek Operating Company" Əməliyyat Şirkəti (UBOC) tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, şirkətin vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli "Neptun" özüqalxan qazma qurğusunda olublar.

Nümayəndə heyəti "Ümid" yatağında U-01A sualtı qiymətləndirmə quyusunda aparılan işlər və qurğunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.

Məlumata görə, layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusunun qazıldığı və "Ümid" yatağında 6 972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlandığı diqqətə çatdırılıb. Layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra olunması xüsusi vurğulanıb.

Bununla yanaşı, "Neptun" qazma qurğusunda həyata keçirilən əməliyyatların ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Xatırladaq ki, "Neptun" özüqalxan üzən qazma qurğusu Azərbaycana qazma işləri üçün 2025-ci ilin iyununda gətirilib. Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır. Layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir".

Qeyd edək ki, SOCAR-ın ilkin qiymətləndirmələrinə görə, "Ümid" yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir. "Ümid" yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib.

"Ümid-Babək" blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80 % iştirak payı) və "Nobel Upstream" (UK) şirkətləridir (20 %).