SOCAR “Petkim”in fəaliyyətinin optimallaşdırılmasına 45 milyon dollardan artıq sərmayə qoyub

Energetika
  • 29 avqust, 2024
  • 12:31
SOCAR “Petkim”in fəaliyyətinin optimallaşdırılmasına 45 milyon dollardan artıq sərmayə qoyub

Bu ilin birinci yarısında Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına 1 milyard 539,862 milyon türk lirəsi (TL) və ya cari məzənnə ilə 45,2 milyon ABŞ dolları sərmayə qoyulub.

"Report” bu barədə “Petkim Petrokimya Holding”in bu ilin yanvar-iyun ayları üzrə hesabatına istinadən xəbər verir.

2023-cü ilin I yarısında “Petkim Petrokimya Holding”in inkişafına 858,173 milyon TL sərmayə qoyulub. Beləliklə, bu ilin 6 ayı ərzində sərmayələrin həcmi 1,8 dəfə artıb.

Hesabata əsasən, bu il ərzində “Petkim”in zavodlarının modernləşdirilməsi, texnologiyanın inkişafı, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsinə investisiya qoyuluşu həyata keçiriləcək.

Bu ilin I yarısında “Petkim” tərəfindən 1 milyon 074,54 min ton neft-kimya məhsulları (azalma 11 %) istehsal olunub, 927,659 min ton məhsul (artım 1,8 %) satılıb.

Hesabat dövründə “Petkim”in istehsal güclərindən istifadə əmsalı 2023-cü ilin yanvar-iyun aylarında qeydə alınmış 67,7 %-ə qarşı 61,7 % təşkil edib.

“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).

Qeyd edək ki, SOCAR “Petkim” neft-kimya kompleksinin inkişafına hər il təxminən 100 milyon ABŞ dolları sərmayə yatırır. 2023-cü ildə investisiya məbləği 3,2 milyard TL [99,2 milyon ABŞ dolları] təşkil edib.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.

44 filmi