SOCAR karbon emissiyasının azaldılmasına dair gələn ilə planlarını açıqlayıb

Energetika
  • 21 dekabr, 2021
  • 07:44
SOCAR karbon emissiyasının azaldılmasına dair gələn ilə planlarını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ilin əvvəlində öz sahələrində neft və qaz hasilatı zamanı xalis sıfır karbon emissiyasına nail olmaq niyyətindədir.

“Report”un məlumtına görə, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Reuters”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, SOCAR 2010-cu ildən Dünya Bankının Qazın Məşəldə Yandırılmasının Qlobal Azaldılması (GGFR) proqramı çərçivəsində bunun üzərində işləyir.

R. Hüseynzadə şirkətin karbon neytrallığı istiqamətindəki hədəfləri barədə danışarkən qeyd edib ki, SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10 % təşkil edirdisə, son vaxtlar bu rəqəm 2 %-ə qədər azalıb: “2022-ci ildə biz karbon neytrallığına çatacağıq. Emissiyaların azaldılması yalnız karbohidrogenlərin çıxarılması prosesi ilə bağlıdır. Birbaşa hasilata aid olmayan bəzi emissiyalar hələ də yaranacaq”.

Şirkət həmçinin tərəfdaşları ilə birgə hazırladığı layihələr üçün iqlim hədəfləri təyin etməyib. Belə ki, SOCAR yanvar-oktyabr aylarında öz yataqlarında 6,58 milyon ton neft və 6,55 milyard kubmetr qaz hasil edib ki, bu da ölkənin ümumi neft və qaz hasilatının təxminən beşdə birini təşkil edir.

R. Hüseynzadə bildirib ki, görülən işlər sayəsində 20 ildir məşəldə səmərəli şəkildə yandırılan 300-600 min kubmetr təbii qazı tutmaq mümkündür.

O əlavə edib ki, SOCAR “Neft Daşları” və “Günəşli” dayazsulu yataqlarında ekoloji cəhətdən təmiz nou-haudan istifadə etməklə təbii qaz hasilatını ildə 2 milyard kubmetrə qədər artıra bilir.

Xatırladaq ki, Paris iqlim sazişini imzalayan neft və qaz hasil edən Azərbaycan 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Şirkət BP və bir sıra digər Qərb şirkətləri ilə digər sahələrdə işləyir.

Emissiyaları azaltmaq üçün SOCAR yataqları bağlayır, infrastruktur və avadanlıqları təkmilləşdirir.

Qeyd edək ki, SOCAR və BP həmçinin “yaşıl enerji”ni inkişaf etdirmək, tullantıların idarə edilməsi və təmiz sənaye sahələrində birgə işləmək öhdəliyi götürüblər.