SOCAR-ın Türkiyədəki zavodunda LPG istehsalının həcmləri açıqlanıb
- 29 dekabr, 2023
- 08:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 14 min 310 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) statistikasına istinadən xəbər verir.
Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 633 ton və ya 4,2 % azdır.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 94 min 860 tona yaxın LPG istehsal edilib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 1 min 233 ton və ya 1,3 % çoxdur.
Xatırladaq ki, STAR zavodunun təməli 5 oktyabr 2011-ci ildə qoyulub, açılışı isə 19 oktyabr 2018-ci ildə olub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Hazırda zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.