SOCAR-ın Türkiyədəki zavodu Rusiya neftinin alışını bərpa edib
- 02 mart, 2023
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodu Rusiya neftinin alışını bərpa edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə energetika səhəsindəki mənbələrinə istinadən məlumat verib.
Bildirilir ki, Rusiyanın “Urals” neftinin Türkiyəyə tədarükləri fevralda dörd ayın ən yüksək səviyyəsinə çatıb.
“Refinitiv Eikon” gəmi izləmə məlumatlarına əsasən, keçən ay Türkiyə limanlarına 860 min ton “Urals” nefti göndərilib. Yanvarda bu həcmlər 620 min ton, dekabrda isə 370 min ton təşkil edib.
Gündəlik gücü 200 min barel olan STAR neft emalı zavoduna Rusiya neftinin tədarükü bir aylıq fasilədən sonra yanvarın sonunda bərpa edilib. Yanvarda bu zavoda gündəlik tədarük 100 min tona, fevralda isə ən azı 300 min tona çatıb.
Qeyd edək ki, “Urals” markalı neftin fevral ayı üzrə orta qiyməti bir barel üçün 49,56 ABŞ dolları dolları təşkil edib. Bu da bir il əvvəlki qiymətdən 86 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.