SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını təxminən 22 % artırıb

Energetika
  • 28 iyul, 2023
  • 11:26
SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını təxminən 22 % artırıb

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 74 min 545 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 min 339 ton və ya 21,8 % çoxdur.

Ümumilikdə, 2023-cü ilin may ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 159 min 913 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 4 min 031 ton və ya 2,6 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

44 - Tezliklə