SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını 15 %-dən çox azaldıb
- 30 may, 2024
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 66 min 175 tona yaxın neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 11 min 919 ton və ya 15,3 % azdır.
Ümumilikdə, 2024-cü ilin mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 70 min 987 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 85 min 189 ton və ya 2,2 dəfə azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.