SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 54 %-dən çox artırıb
- 27 fevral, 2025
- 19:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 27 min 194 tondan çox mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 min 572 ton və ya 54,3 % çoxdur.
Ümumilikdə, ötən ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 85 min 620 tona yaxın LPG istehsal edilib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 9 min 825 ton və ya 10,3 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.