SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 51 %-ə yaxın artırıb
- 31 may, 2025
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 68 min 586 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 23 min 383 ton və ya 5,7 % çoxdur.
Yalnız mart ayında STAR NEZ tərəfindən 21 min 200 tona yaxın LPG istehsal edilib. Bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 7 min 132 ton və ya 50,7 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-mart aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 258 min 236 tondan çox LPG istehsal edilib ki, bu da 2024-cü ilin ilk 3 ayı ilə müqayisədə 26 min 109 ton və ya 11,2 % çoxdur.
Martda isə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 90 min 644 tondan çox LPG istehsal edilib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 8 min 965 ton və ya 11 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.