SOCAR-ın Türkiyədəki zavodu iki ayda xam neft idxalını cüzi azaldıb
- 28 aprel, 2025
- 19:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 1 milyon 757 min 857 tondan çox xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 25,24 %-i deməkdir.
STAR zavodu üçün idxal edilən neftin həcmi 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 41 min 855 ton və ya 2,3 % az olub.
Bu ilin fevral ayında STAR NEZ 830 min 883 ton xam neft idxal edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 28 min 991 ton və ya 3,4 % azdır.
Bu ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 4 milyon 605 min 865 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki göstərəciyə nisbətən 78 min 200 ton və ya 1,7 % azdır. Fevral ayında 2 milyon 243 min 925 tona yaxın xam neft idxal edilib. Bu, bir il əvvəlki ilin eyni ayının göstəricisi ilə müqayisədə 20 min 025 ton və ya 0,9 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.