SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını təxminən 3 % artırıb
- 28 iyul, 2023
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 590 min 642 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 min 065 ton və ya 2,8 % çoxdur.
Ümumilikdə, 2023-cü ilin may ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 1 milyon 287 min 348 ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 330 min 650 ton və ya 20,4 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.