SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 33 % azaldıb
- 30 mart, 2023
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 427 min 315 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 212 min 218 ton və ya 33,2 % azdır.
Ümumilikdə isə 2023-cü ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 264 min 536 ton dizel yanacağı istehsal edilib ki, bu da, illik müqayisədə 125 min 524 ton və ya 9,03 % azdır.
Qeyd edək ki, STAR neft emalı zavodu 2022-ci ilin yanvar ayında 639 min 532 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.