SOCAR-ın Türkiyədəki NEZ-i xam neft idxalını 21 %-dək azaldıb
- 30 mart, 2023
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 767 min 385 ton xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 199 min 284 ton və ya 20,6 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 21,44 %-i deməkdir.
Xatırladaq ki, ötən ilin yanvar ayında STAR Neft Emalı Zavodu 966 min 669 ton xam neft idxal edib.
2023-cü ilin yanvar ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 1 milyon 842 min 366 ton xam neft idxal edilib. Bu, 2022-ci ilin yanvar ayının göstərici ilə müqayisədə 553 min 190 ton və ya 42,9 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.