SOCAR-ın Türkiyədəki neft emalı zavodu aviasiya kerosini istehsalını 10 dəfə artırıb

Energetika
  • 28 oktyabr, 2021
  • 13:33
SOCAR-ın Türkiyədəki neft emalı zavodu aviasiya kerosini istehsalını 10 dəfə artırıb

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu (NEZ) 72 min 778 ton aviasiya kerosini istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 65 min 435 ton və ya 9,9 dəfə çoxdur.

Ümumilikdə isə avqust ayında Türkiyədə neft emalı zavodları tərəfindən 397 min 470 ton aviasiya kerosini istehsal edilib ki, bu da 2020-ci ilin avqust ayı ilə müqayisədə 138 min 382 min ton və ya 53,4 % çoxdur.

Qeyd edək ki, STAR zavodu 2020-ci ilin avqust ayında 7 min 342 ton aviasiya kerosini istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

44 - Tezliklə