SOCAR-ın rəhbəri enerji keçidinin maliyyələşdirilməsində kompleks yanaşmaya çağırıb
- 22 yanvar, 2026
- 15:11
Şirkətlərin kapitalı necə sərbəst buraxacaqlarını anlamaq üçün bütün növ enerji resurslarını əhatə edən kompleks yanaşma tələb olunur.
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumu 2026-nın (WEF 2026) panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dekarbonizasiya kontekstində təfərrüatlara dərindən baxmaq və texnologiyalar arasında aydın fərqlər qoymaq vacibdir.
"ABŞ-da İnflyasiyanın Azaldılması Aktı (IRA) çərçivəsində işləyən mexanizmlər əsasən külək və günəş enerjisi, akkumulyatorlar və elektromobillərə aiddir. Lakin həm IRA, həm də digər dəstək tədbirləri hələlik "yaşıl hidrogen" və "yaşıl ammonyak" üçün effektiv nəticə vermir. Uğur üçün müxtəlif komponentlərin bir araya gəlməsi zəruridir", - SOCAR-ın rəhbəri qeyd edib.
R.Nəcəf vurğulayıb ki, istənilən təşəbbüs kommersiya əsaslandırmasına malik olmalıdır.
"Əgər maliyyələşdirmə istiqamətlərinə baxsaq, əsas vəsait axınının bərpa olunan enerji sahəsinə - külək, günəş, akkumulyatorlar və elektromobillərə yönəldiyini görərik. Karbonun tutulması texnologiyaları, "yaşıl ammonyak", "yaşıl hidrogen" və metan emissiyalarının azaldılması kimi sahələrə isə çox az vəsait ayrılır. Bunun səbəbi bu texnologiyaların hələlik dayanıqlı kommersiya modelinə malik olmamasıdır. İqtisadi səmərəlilik və maliyyə resurslarına çıxış əsas şərtlərdir. Eyni zamanda, günəş və külək enerjisində olduğu kimi texnologiyaların ucuzlaşmasına gətirib çıxaran texnoloji sıçrayışın baş verməsi üçün innovasiya və kapital tələb olunur. Kommersiya bankları rentabelli olmayan layihələri maliyyələşdirmir", - deyə o izah edib
Onun sözlərinə görə, bəzi şirkətlər, o cümlədən enerji şirkətləri avanqard rol oynamağa hazırdır, lakin bu zaman sərt prioritetləşdirmə qaçılmaz olur.
"Cari şəraitdə, xüsusilə son bir ilin dinamikasına baxdıqda, neft və qaz yenidən əsas əhəmiyyət kəsb edir. Baş direktor kimi kapitalın bölüşdürülməsi ilə bağlı qərar verməliyəm və təbii ki, neft və qaz prioritetlərdən biri olaraq qalır.
Belə vəziyyətdə, əgər neft-qaz layihələri üçün kənar maliyyələşmə yoxdursa, qeyri-kommersiya, lakin potensial olaraq irəliləyiş vəd edən texnologiyalara investisiya qoymaq üçün sərbəst vəsait qalmır. Digər tərəfdən, neft-qaz layihələri üçün beynəlxalq maliyyə institutlarından və Avropanın əksər kommersiya banklarından vəsait cəlb etmək mümkün deyil ki, bu da bizi yalnız öz daxili resurslarımıza güvənməyə məcbur edir. Əgər bu resurslar neft və qaza yönəldilirsə, artıq hidrogen və ya "yaşıl ammonyak" üçün, hətta pilot layihələr səviyyəsində belə istifadə oluna bilmir. Məhz buna görə də bütün enerji resurslarını əhatə edən kompleks yanaşmaya ehtiyac var ki, kapitalın hansı yollarla azad edilə biləcəyi aydınlaşsın", - deyə R.Nəcəf vurğulayıb.