SOCAR-ın qazma şirkəti ilin sonuna qədər yeni qazma qurğusu alacaq

Energetika
  • 12 fevral, 2024
  • 07:17
SOCAR-ın qazma şirkəti ilin sonuna qədər yeni qazma qurğusu alacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Caspian Drilling Company Limited” (CDC) qazma şirkəti yeni “Explorer” adlanan qazma qurğusunu alır.

Bu barədə “Report”a neft-qaz sektorundakı mənbə məlumat verib.

Mənbə bildirir ki, şirkət bu qazma qurğusunu beynəlxalq “Noble Energy” şirkətindən alır və bu ilin sonuna qədər Azərbaycana çatıdırılacaq.

Onun sözlərinə görə, yeni alınan qazma qurğusu “Heydər Əliyev” qazma qurğusu ilə tam uyğundur: “Bu qurğu “Heydər Əliyev” qazma qurğusu ilə eyni dizaynla inşa edilib. Bu qazma qurğusu 5-ci nəsil yarımdalma qazma qurğusu sinfinə aiddir”.

Mənbə “Explorer”in hansı yataqlarda qazma işlərini aparacağını dəqiq söyləməyib. Amma böyük ehtimalla bu qazma qurğusu BP şirkətinin hazırda istismar etdiyi yataqlarda çalışacağı ehtimal edilir.

Qeyd edək ki, CDC şirkəti Xəzər dənizində ilk müştərək müəssisə kimi, regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə 1996-cı ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak etməkdir.

CDC Xəzərin Azərbaycan sektorunda mövcud 16 Hasilatın Pay Bölgüsü Sazişlərinin kəşfiyyat qazması üzrə əsas icraçısıdır. Şirkətin “İstiqlal” və “Dədə Qorqud” üzən qazma qurğuları vasitəsilə “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, Şahdəniz”, “Naxçıvan”, “Abşeron”, “İnam”, “Kürdaşı” və “Araz” dəniz strukturlarında, ümumilikdə, 14 geoloji strukturda 100 dərin kəşfiyyat quyusu, “Şərqi Azəri”, “Qərbi Azəri” və “Mərkəzi Azəri”də 114 əyri və horizontal quyu qazılıb. Qazma fəaliyyəti nəticəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilib.

CDC “İstiqlal” və “Dədə Qorqud” yarımdalma qazma qurğularının modernləşdirilməsini həyata keçirməklə yanaşı, 6-cı nəsil "Heydər Əliyev" yarımdalma qazma qurğusunun da inşasına rəhbərlik edib, onunla “Abşeron” qaz yatağında qazma işləri aparıb. "Heydər Əliyev" yarımdalma qurğusu ilə hazırda “Şəfəq-Asiman” yatağında da qazma işləri aparılır. Bundan əlavə, CDC Aralıq dənizində İzrail dövləti üçün 2 kəşfiyyat quyusu qazıb, Türkiyədə isə 6-cı nəsil “Fatih” qazma gəmisinin reaktivasiyasını həyata keçirib, onunla ilk qazma xidmətini icra edib.

44 - Tezliklə