SOCAR-ın iştirakı ilə konsorsium 2025-ci ildə tikintiyə başlamağı planlaşdırır
- 22 oktyabr, 2024
- 12:40
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland" şirkəti 2025-ci ildə “Alpiq” və “EW Hofe” şirkətləri ilə birlikdə İsveçrənin Freyenbax bələdiyyəsində elektroliz zavodunun tikintisinə başlamağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə dayanıqlı inkişaf hesabatında bildirilib.
"Ekoloji təmiz hidrogen istehsalı layihəsi çərçivəsində “Alpiq”, “EW Hofe” və “SOCAR Energy Switzerland” şirkətlərinin konsorsiumı Freyenbax bələdiyyəsində 10 MVt-a qədər gücü olan elektroliz zavodunun tikintisini planlaşdırıb. Tikinti 2025-ci ildə başlayacaq və başa çatdıqdan sonra zavod ildə 1-1,2 min ton "yaşıl hidrogen” istehsal edəcək", - məlumatda qeyd edilib.
Qeyd olunub ki, bu zavodda istehsal olunan hidrogen boru kəməri vasitəsilə Bernə yaxın Freyenbax şosesində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə nəql ediləcək.
Bundan əlavə, şirkət İsveçrədə elektromobillərin akkumulyatorlarının doldurulması üzrə biznesi genişləndirir.
"Hazırda “SOCAR Energy Switzerland” avtomobil yollarında və Sürix şəhərinin ərazisində elektromobillərin sürətli doldurulması üçün 20 qurğudan istifadə edir və 2026-cı ilədək İsveçrədə doldurma qurğularının sayını 100-ə çatdırmağı planlaşdırır", - məlumatda bildirib.
Hesabatda həmçinin qeyd olunur ki, 2023-cü ilin sonuna İsveçrədə "SOCAR" brendi altında yanacaqdoldurma məntəqələrinin sayı 206-ya çatıb.