SOCAR-ın bu il dövlət büdcəsinə gözlənilən ödənişlərinin məbləği açıqlanıb

Energetika
  • 14 yanvar, 2025
  • 13:29
SOCAR-ın bu il dövlət büdcəsinə gözlənilən ödənişlərinin məbləği açıqlanıb

Bu il Azərbaycanda vergi orqanlarının xətti ilə neft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 880 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcə ödənişlərinin payına düşür.

Bu barədə “Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu il 450 milyon manatı neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi, 1 milyard 500 milyon manatı isə “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisinin payına düşür.

2024-cü il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1 milyard 4 milyon manat və ya 5,7 %, qeyri-neft-qaz sektorunun gəlirləri isə 964 milyon manat və ya 5,2 % çoxdur.

Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 11 milyard 670 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 6 milyard 600 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 880 milyon manatını büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 433 milyon manatını sair gəlirlər təşkil edir.

Neft-qaz sektoru üzrə dövlət büdcəsinin gəlirləri Dövlət Neft Fondundan transfert, vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar və SOCAR üzrə dividend ödənişləri hesabına formalaşır. Neft Fondundan transfertin məbləği 14 milyard 481 milyon manat, vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar 3 milyard 830 milyon manat (ümumi vergi daxilolmalarının 24,7 %-i), SOCAR üzrə dividend ödənişinin payı 462 milyon manat təşkil edir.