SOCAR-ın BƏƏ-də offşor konsessiya layihəsində pay almasına dair sövdələşmənin dəyəri açıqlanıb

Energetika
  • 15 yanvar, 2025
  • 07:49
SOCAR-ın BƏƏ-də offşor konsessiya layihəsində pay almasına dair sövdələşmənin dəyəri açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SOCAR-ın SARB, “Umm Lulu”, “Bin Nasher” və “Al Bateel” offşor konsessiya layihəsində 3 % iştirak payı alması üzrə sövdələşmənin dəyəri 285 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) əsasən dərc edilmiş konsolidə olunmuş maliyyə hesabatında bildirilib.

Sövdələşmə 2024-cü il mayın 30-da bağlanıb.

"SOCAR ilə “ADNOC International Project Co 1 RSC” arasında bağlanmış sövdələşmənin məbləği 485 milyon manat (285 milyon ABŞ dolları) təşkil edib", - hesabatda qeyd olunub.

Ötən ilin iyunun 30-na olan vəziyyətə görə, SOCAR-ın bu layihənin həyata keçirilməsindən əldə etdiyi gəlir 191 milyon manat, xalis mənfəəti isə 16 milyon manat təşkil edib.

Offşor konsessiyaya iki böyük yataq – “Umm Lulu” və SARB, həmçinin iki kiçik yataq – “Bin Nasher” və “Al Bateel” daxildir. Konsessiyanın idarə edilməsini “Abu Dhabi Company for Offshore Petroleum Operations Limited” (ADNOC Offshore) şirkəti həyata keçirir.

Sövdələşmənin bağlanmasından sonra layihədə tərəflərin pay bölgüsü belə olub: ADNOC – 57 %, OMV və “TotalEnergies” - hər biri 20 %, SOCAR – 3 %.