SOCAR-ın 2027-ci ilədək investisiya xərclərinə dair proqnozlar açıqlanıb
- 25 oktyabr, 2023
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-2026-cı illər üçün ümumi investisiya xərclərinin 12,6 milyard manat həcmində olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinq qiymətləndirilməsi ilə bağlı məlumatında deyilir.
Agentliyin məlumatına görə, 2023-cü ilin iyun ayının sonunda SOCAR-ın nağd pul qalığı 5,8 milyard manatlıq qısamüddətli borcla müqayisədə 8,4 milyard manat təşkil edib: “Biz SOCAR-ın likvidliyini dəstəkləyən neft və qaz qiymətlərinin artması fonunda 2023-2024-cü illərdə güclü pul axını gözləyirik”.
SOCAR-ın levereci tarixən analoji şirkətlərlə müqayisədə nisbətən yüksək olsa da, “Fitch”in məlumatına görə, 2022-ci ildən etibarən azalıb: “Bu, “Fitch”in qiymət palitrasına uyğun olaraq yüksək neft və qaz qiymətləri səbəbindən yüksək pul vəsaitlərinin axınını əks etdirir. SOCAR-ın 2026-cı ilə qədər güclü maliyyə profilini qoruyacağı gözlənilir”.
“Fitch”in proqnozlarına görə, "Brent" markalı neftin qiyməti 2023-cü ildə bir barel üçün 80 ABŞ dolları, 2024-cü ildə 75 ABŞ dolları, 2025-ci ildə 70 ABŞ dolları, 2026-cı ildə isə 65 ABŞ dolları təşkil edəcək.
Hesabata əsasən, SOCAR-ın biznes profili üçün müsbət məqam 2023-cü ilin martın sonunda “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi çərçivəsindəki 14,35 %-lik payını “SGC Upstream” MMC-yə və Cənubi Qafqaz Boru Kəməri (CQBK) və “CQBK Hold Co”da 14,35 %-lik iştirak payını da “SGC Midstream” MMC-yə satmasıdır. Bu şirkətlər bütünlüklə Cənub Qaz Dəhlizinə (SGC) məxsusdur. SOCAR SGC-də 49 %-lik paya sahibdir.
“Dövlət Neft Şirkətinin SGC-nin ortaqlarından biri olduğunu nəzərə alsaq, əməliyyatın başa çatdırılmasının SOCAR-ın biznes profili üçün neytral olduğunu düşünürük”, - hesabatda bildirilib.
Hesabat müəlliflərinin fikrincə, eyni zamanda, bu, SOCAR-ın adı çəkilən aktivlərin satışından əldə etdiyi 4,3 milyard manat (2022-ci ilin sonuna olan qalıq) məbləğində avansları qaytarmağa məcbur olacağı riskini aradan qaldırır: “Biz tarixən avansları borc kimi nəzərdən keçiririk”.