SOCAR “Günəşli” yatağında neft hasilatının artırılması üzərində işləyir

Energetika
  • 03 dekabr, 2024
  • 09:01
SOCAR “Günəşli” yatağında neft hasilatının artırılması üzərində işləyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) növbəti üç il ərzində suvurma həcmini artırmaqla "Günəşli" yatağının dayazsulu hissəsində neft hasilatını artırmağı planlaşdırır.

Bu barədə “Report” SOCAR-ın sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"Günəşli" - 1980-ci illərdə kəşf edilmiş Azərbaycanın ən böyük neft yataqlarından biridir. Hazırda burada 200-dən çox quyu istismar olunur. Cari hasilat pik göstəricilərdən aşağı olsa da, yataq şirkətin portfelində mühüm obyekt olaraq qalır və ölkə üçün əhəmiyyətli rol oynayır", - SOCAR-dan bildirilib.

Şirkətin məlumatına görə, "Günəşli" yatağının səmərəli işlənməsi əsasən laya su vurulması ilə təmin edilir. Çünki bu proses uzun müddət ərzində lay təzyiqini və neft hasilatı səviyyəsini yüksək saxlamağa imkan verir.

"Bu vəzifənin həyata keçirilməsi üçün yataq haqqında dəqiq məlumat, dərin texniki təhlil, böyük həcmdə su vura bilən suvurucu quyuların qazılması, yerüstü avadanlığın quraşdırılması və boru kəmərlərinin çəkilməsi tələb olunur", - SOCAR-dan vurğulanıb.

Məlumatda qeyd edilib ki, "Günəşli" yatağında laylara su vurulması prosesi hələ 1986-cı ildə başlanıb və uzun müddət sovet metodlarına və əl hesablamalarına əsaslanıb.

"Hazırda yatağın məhsuldar horizontlarında hasil edilən məhsulun vurulan su ilə əvəzlənmə səviyyəsi 8 %-dən 35 %-ə qədər dəyişir, halbuki hədəf göstəricisi təxminən 100 % təşkil edir. Vurulan suyun həcminin kifayət qədər olmaması təzyiqin təxminən iki dəfə düşməsinə səbəb olur. Bu da yatağın səmərəli istismarını çətinləşdirir. Növbəti üç il ərzində suvurma hesabına hasil edilən məhsulun 50 %-nin su ilə əvəzlənməsinə nail olmağı planlaşdırırıq ki, bu da ümumi neft hasilatını artırmağa və təzyiqin düşməsinin qarşısını almağa imkan verəcək", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, əvvəllər “Günəşli” yatağında laylara su vurulması 9 nömrəli dəniz platformasından bir nasos vasitəsilə 8 quyu vasitəsilə sutkalıq 3,5 min kubmetr həcmində həyata keçirilirdi.

"Lakin yeni layihə çərçivəsində 9, 6 və 15 nömrəli platformalarda əlavə nasosların quraşdırılması sayəsində ümumi vurma gücü sutkada 17 min kubmetrə çatdırılıb. Yataqda sutkalıq neft hasilatı artıq 200 ton artıb. Bununla yanaşı, vurma sisteminə keçirilməsi planlaşdırılan 27 quyu seçilib", - məlumatda bildirilib.

Bundan əlavə, vurğulanıb ki, hazırda quyuların vurma sisteminə keçirilməsini proqnozlaşdırmaq məqsədilə model əsasında rezervuarın tam öyrənilməsi aparılır. Bununla yanaşı, kompleks tədqiqat işləri aparılır və onların nəticələri model istifadə edilməklə təhlil edilir.

Qeyd edək ki, "Günəşli" yatağının dayaz hissəsinin işlənməsi 1980-ci ildən aparılır. Yataq SOCAR-ın bütün neft hasilatının 65 %-ə qədərini təmin edir.

44 - Tezliklə