"SOCAR Green": Karbon bazarlarındakı qeyri-müəyyənlik kreditorlar üçün ciddi problem yaradır
- 07 sentyabr, 2026
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Karbon kreditləri üzrə 30-40 illik gəlir proqnozları kreditorlar üçün ciddi qeyri-müəyyənlik yaradır.
"Report" xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin İnvestisiyalar və Layihələrin İnkişafı üzrə direktoru Rza Nağıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026) bildirib.
Onun sözlərinə görə, ilk növbədə layihənin bankabilliyinin, yəni bank tərəfindən maliyyələşdirilə bilməsinin təmin edilməsi vacibdir: "Layihələri işləyib hazırlayarkən onların bankabilliyinə əsas təsir edən amillərdən biri uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin olmasıdır. Karbon kreditlərinə gəlincə, burada da bankabilliyin təmin olunması üçün uzunmüddətli dövrdə pul axınlarının proqnozlaşdırıla bilən olması vacibdir".
R. Nağıyev əlavə edib ki, bu, elektrik enerjisinin satışında daha asandır: "Çünki dünyada bərpaolunan enerji layihələri üzrə qiymətin nisbətən sabit olduğu uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələri imzalanır. Bu səbəbdən həm kreditorlar, həm də investorlar üçün risk nisbətən aşağı olur. Lakin karbon kreditlərinə gəlincə, vəziyyət eyni deyil. Karbon bazarları hələ o qədər də formalaşmayıb. Burada uzunmüddətli karbon satışı müqavilələri nisbətən daha azdır və bu səbəbdən qeyri-müəyyənlik daha yüksəkdir".
Onun fikrincə, müqavilələr olduqda belə, kreditorlar karbon kreditlərinin uzunmüddətli satınalma müqavilələrinə bəzən arxalana bilmirlər: "Buna səbəb qiymətlərin dəyişkən olması və bu sahənin hələ də inkişafının ilkin mərhələsində olmasıdır. Karbon bazarlarında müəyyən fyuçers və forvard ("forward") bazarları olsa da, onlar da kifayət qədər etibarlı deyil və yüksək dəyişkənliklə xarakterizə olunur.
Kreditorlar uzunmüddətli maliyyələşdirmə təmin edir və bu səbəbdən risklərin daha proqnozlaşdırıla bilən olmasını gözləyirlər.
Karbon qiymətlərinə baxdıqda isə zaman keçdikcə bazarın dəyişə biləcəyi və bazarın strukturunun, həmçinin requlyativ tələblərin dəyişə biləcəyi aydın olur. Yəni bu gün dəyişkən qiymətləri nəzərdə tutan karbon müqavilələrinin mövcud olması banklar üçün kifayət qədər əminlik yaratmır və buna görə də karbon kreditlərindən əldə olunan gəlirlər adətən bankların maliyyələşdirmə qərarlarında əsas istinad nöqtəsi kimi qəbul edilmir.
Biz hələ də karbon krediti bazarının inkişafının ilkin mərhələsindəyik və bu gün qəbul etdiyimiz ehtimalların uzunmüddətli perspektivdə doğru çıxıb-çıxmayacağını bilmirik. Xüsusilə 30-40 illik proqnozları nəzərə alsaq, bu, kreditorlar üçün daha böyük qeyri-müəyyənlik yaradır".