"SOCAR Energy Ukraine" rəsmisi: "Ziyarətçilərə müştəri deyil, qonaq deyirik"
- 29 may, 2018
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 may. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi olan "SOCAR Energy Ukraine" bu vaxtadək ölkəyə 300 mln. ABŞ dollarından çox investisiya yatırıb".
“Report” xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında şirkətin baş direktoru Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, şirkət uzunmüddətli əməkdaşlıqda, topdan və pərakəndə satış istiqamətlərində sərmayələri artırmaqda maraqlıdır: "Biz beynəlxalq korporasiyanın nümayəndələri olaraq biznesin həyata keçirilməsində şəffaflığa xüsusi önəm veririk".
Şirkətin fəaliyyətinə toxunan E.Məmmədov bildirib ki, şirkət kəmiyyət və ya tez zamanda inkişaf dalınca qaçmır: "Bizim üçün mövcud olan prosesləri mükəmməliyə çatdırmaqdır. Biz Ukrayna bazarına çıxanda arzu edirdik ki, SOCAR xidməti beşulduzlu otellərin səviyyəsinə uyğun olsun. İstəyirdik ki, insanlar yanacaqdoldurma məntəqələrinə gələn zaman təkcə avtomobil yanacağı üçün deyil, eyni zamanda təəssüratlar üçün gəlsinlər. Ona görə də əsas məqsədimiz məhz bu sahədə birinciliyi saxlamaq olub".
Şirkət rəsmisi qeyd edib ki, 2017-ci ilin nəticələrinə əsasən, məhz bu yanacaqdoldurma stansiyaları ölkənin yanacaqdoldurma kompleksləri arasında lider olub: "Üstəlik, onlar həmişə müştəriləri yüksək texnoloji həllər baxımından təəccübləndirirlər: yanacaq riteyldə blokçeyn texnologiyalarının istifadəsi imkanları öyrənilir, yanacaqdoldurma kompleksləri üzrə virtual ekskursiya təşkil olunur, ekologiya layihələri inkişaf etdirilir və s."
E.Məmmədov vurğulayıb ki, SOCAR 8 il ərzində ukraynalıları Azərbaycanın mədəniyyəti, ənənələri, milli bayramları ilə tanış etmək üçün çox iş görüb: "Ənənəvi Azərbaycan motivləri YDM-lər, yeməklərin və içkilərin qablarının dizaynlarında uğurla tətbiq olunub. Hətta burada biz ziyarətçiləri müştəri deyil, qonaq adlandırırıq".