SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 2,3 dəfə artırıb

Energetika
  • 02 noyabr, 2021
  • 10:27
SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 2,3 dəfə artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-oktyabr aylarında Bakı-Novorossiysk neft boru kəməri ilə 837,93 min ton neft ixrac edib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə bu ilin 10 ayı ərzində Novorossiysk limanına 837,93 min ton neft nəql edib. Bu, 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur.

Məlumata görə, təkcə oktyabr ayında bu kəmər ilə 169,56 min ton Azərbaycan nefti nəql edilib.

Xatırladaq ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı-Novorossiysk neft boru kəməri ilə 358,8 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon tondan çox neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.