SOCAR: Azərbaycanda geotermal mənbələrin inkişafı sahəsində böyük işlərin görülməsi planlaşdırılır

Energetika
  • 22 sentyabr, 2025
  • 18:06
SOCAR: Azərbaycanda geotermal mənbələrin inkişafı sahəsində böyük işlərin görülməsi planlaşdırılır

Azərbaycanda geotermal mənbələr hesabına elektrik enerjisi istehsalının daha fəal şəkildə inkişaf etdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində bildirib.

Onun sözlərinə görə, quruda külək və günəş enerjisi sahəsində imkanlardan fəal şəkildə istifadə edilir, lakin burada potensial investisiyalar və layihələr üçün hələ də çoxlu imkanlar var.

"Azərbaycanın strateji mövqeyi bizə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya "yaşıl enerji"ni ötürməyə imkan verir. Qarşıda çoxlu imkanlar var. Məsələn, biz ofşor sahədə inkişafı nəzərdən keçirməyə başlayırıq. Dəniz külək enerjisi artıq inkişaf edir. Günəş enerjisi inkişaf prosesindədir. Təxminən 157 GVt olan ofşor enerji potensialı hələ istifadə edilməyib", - Ə.İsayev bildirib.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, geotermal enerjidən də hələ istifadə olunmayıb.

"Biz bəzi tərəfdaşlarımızla əməkdaşlığa başlamışıq. Gələcəkdə geotermal mənbələrlə elektrik enerjisinin istehsalı sahəsində daha çox iş görüləcək. Orada da böyük potensial var. Gəlin hidroakkumulyasiya elektrik stansiyaları haqqında danışaq. Burada, xüsusilə də azad edilmiş ərazilərdə böyük perspektivlər var", - Ə. İsayev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti