“SOCAR AQŞ” “Ümid” yatağında 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini yekunlaşdırıb

Energetika
  • 17 aprel, 2019
  • 06:59
“SOCAR AQŞ” “Ümid” yatağında 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini yekunlaşdırıb

“SOCAR AQŞ” MMC "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini başa vurub.

“Report” xəbər verir ki, şirkətin məlumatına görə, quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. “Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu "Ümid" yatağının tarixində yeni səhifə açıb. SOCAR tarixində ilk dəfə olaraq quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilib, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq edilib və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılıb. Müəssisənin əldə etdiyi uğurlardan biri də "Ümid" yatağı üzrə məhsuldar horizontlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olub. "Ümid" yatağı tarixində ilk dəfə olaraq, “SOCAR AQŞ” yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5 m və 6037-6046 m intervalından 100% süxur nümunələri götürüb, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil verib”, - məlumatda bildirilib.

Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib ki, 16 nömrəli kəşfiyyat quyusu "Ümid" yatağının tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayıb: “Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi məmnunluğunun tam yerinə yetirilməsi "Ümid" yatağında yeni bir dövrün başlanmasına təkan verir. Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaq”.

Qeyd edək ki, 2017-ci ilin dekabrında “SOCAR AQŞ” "Ümid-1" saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil verib.

44 - Tezliklə