SOCAR “Abşeron” yatağındakı payını ADNOC-a satışından gəlirlərini açıqlayıb

Energetika
  • 27 iyun, 2024
  • 12:36
SOCAR “Abşeron” yatağındakı payını ADNOC-a satışından gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus “ADNOC Internatıonal Projectco 1 RSC Lımıted" şirkətinin “Abşeron” hasilatın pay bölgüsü sazişindəki 15 %-lik payına görə 224 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.

Məlumata görə, artıq müqavilənin bütün şərtləri tam icra edilib.

Bu il yanvarın 1-nə Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişə (HPBS) müvafiq olaraq 439 milyon manat və 50 milyon manat məbləğində aktiv və öhdəliklər (389 milyon manat məbləğində xalis aktivlər) müvafiq olaraq “Satış üçün saxlanılan aktivlər” və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər” kateqoriyalarında təqdim edilib. “Satış üçün saxlanılan aktivlər”in və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər”in əsas sinfi müvafiq olaraq əmlak, tikili və avadanlıqlar və aktivin ləğv edilməsi öhdəliyi qalıqlarından ibarətdir.

Satış üçün saxlanılan xalis aktivlərin balans dəyəri satış xərcləri çıxılmaqla ədalətli dəyərindən yüksək olduğuna görə, 2023-cü il ərzində digər əməliyyat xərclərində 192 milyon manat (113 milyon ABŞ dolları) məbləğində ədalətli dəyərə silinmə tanınıb. İştirak payının satışı 2024-cü ilin fevral ayında yekunlaşıb.

Xatırladaq ki, "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə ADNOC ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.