"Siemens Energy": Avropa Azərbaycanı enerji qovşağı kimi görməlidir
- 06 oktyabr, 2026
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni enerji əlaqələrinin formalaşmasında bənzərsiz dərəcədə mühüm rol oynamağa qadirdir.
"Report" xəbər verir ki, bunu "Siemens Energy" şirkətinin baş vitse-prezidenti və Avropa bölməsinin rəhbəri Frederik Doye Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Avropa tədarük zəncirlərindəki dəyişikliklər, yeni ticarət marşrutlarının yaranması və enerji təhlükəsizliyinin artan əhəmiyyəti fonunda özünün iqtisadi, sənaye və enerji tərəfdaşlıqlarına yenidən baxır.
F.Doye qeyd edib ki, Almaniya və Azərbaycan arasındakı əməkdaşlıq artıq konkret nəticələr verir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir, ikitərəfli ticarətin həcmi isə ildə təqribən 1,7 milyard avroya çatır.
O vurğulayıb ki, iki ölkənin əməkdaşlığı tədricən ənənəvi enerji resursları ticarəti çərçivəsindən çıxır və logistika, texnologiyalar, sənaye və bərpa olunan enerjini əhatə edir: "Bir çoxları hələ də Azərbaycanı ilk növbədə enerji resursları istehsalçısı kimi qəbul edir. Hesab edirəm ki, Avropa Azərbaycanda getdikcə bundan daha artığını – enerji qovşağını görməlidir".
F.Doye qeyd edib ki, Azərbaycanın Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunun kəsişməsində yerləşməsi perspektivli bərpa olunan enerji mənbələrinin Avropanın istehlakçıları ilə birləşdirilməsi üçün imkanlar yaradır.
Onun sözlərinə görə, bu yeni enerji reallığında Azərbaycan regionlar arasında mühüm birləşdirici halqa ola və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər.