"Siemens Energy": Almaniya və Azərbaycan rəqəmsal energetikada əməkdaşlığı genişləndirə bilər

Energetika
  • 06 oktyabr, 2026
  • 13:37
Siemens Energy: Almaniya və Azərbaycan rəqəmsal energetikada əməkdaşlığı genişləndirə bilər

Rəqəmsal enerji sistemlərinin inkişafı Almaniya və Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətinə çevrilə bilər.

"Report" xəbər verir ki, bunu "Siemens Energy" şirkətinin baş vitse-prezidenti və Avropa bölməsinin rəhbəri Frederik Doye Bakıda keçirilən qarşılıqlı əlaqələr məsələlərinə dair Almaniya-Azərbaycan Əlaqəlilik konfransı çərçivəsindəki panel sessiyasında bildirib.

Onun sözlərinə görə, hazırda Almaniya və Azərbaycan arasındakı tərəfdaşlıq böyük ölçüdə Almaniyaya yanacaq ixracı ilə bağlıdır, lakin elektrik enerjisinin artan rolunu nəzərə alaraq, ölkələrin əməkdaşlığı yeni səviyyəyə çıxarmaq imkanı var.

F.Doye təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ofşor külək energetikası, günəş energetikası və quru külək energetikası da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin əhəmiyyətli potensialını qeyd edib.

"Bu, ölkələrimizin yaxınlaşması üçün son dərəcə mühüm addım ola bilər", - o bildirib.

Enerji sistemlərinin inkişafından danışan F.Doye, onların rəqəmsallaşdırılması zərurətini qeyd edib. Onun sözlərinə görə, Almaniyanın və bir çox digər Avropa ölkələrinin mövcud enerji sistemləri təxminən 50 il əvvəl yaradılıb.