Serbiyalı nazir: “SOCAR və “Srbijagas” arasında qaz müqaviləsi geniş imkanlar yaradacaq”
- 20 noyabr, 2023
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında imzalanmış qaz satışına dair Müqavilə Serbiya üçün geniş imkanlar yaradır.
“Report”un Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ötən həftə Bakıda iki ölkə arasında qaz sahəsində imzalanmış iki sənədə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq yaxın həftələrdə Bolqarıstan-Serbiya İnterkonnektorunun tikintisi başa çatdıqdan sonra Serbiyanın Azərbaycanda daha bir qaz tədarükçüsü olacaq.
D. Handanoviç əlavə edib ki, iki ölkə arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu digər Türkiyə və Yunanıstandakı terminallar vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) çatdırılması, həmçinin qaz anbarlarının və qazla işləyən elektrik stansiyalarının tikintisi sahəsində potensial əməkdaşlıq yaradacaq.
Xatırladaq ki, ötən həftə D. Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında və SOCAR ilə “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.
İmzalanmış strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulub. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq.
Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.