Serbiyalı nazir: "Nişdəki stansiyanın vaxtında inşası üçün dövlət işləri maksimum sürətləndirəcək"

Energetika
  • 09 oktyabr, 2026
  • 13:36
Serbiyalı nazir: Nişdəki stansiyanın vaxtında inşası üçün dövlət işləri maksimum sürətləndirəcək

Serbiyanın Niş şəhərindəki qaz-elektrik stansiyasının inşasının vaxtında icra olunması üçün dövlət orqanları bütün zəruri icazələrin verilməsini və inzibati prosedurları maksimum dərəcədə sürətləndirəcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın texniki mandatda fəaliyyət göstərən mədən sənayesi və enegetika naziri Dubravka Cedoviç-Handanoviç "Niş TV"yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Nişdəki qaz-elektrik stansiyasının inşası istiqamətində hazırlıq tədbirlərində xeyli irəliləyiş əldə olunub.

O qeyd edib ki, yeni qaz-elektrik stansiyasının tikintisi layihəsini Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində həyata keçirəcək: "Serbiya artıq Azərbaycandan ilk təbii qaz həcmlərini qəbul etməyə başlayıb və bu əməkdaşlıq enerji sahəsində strateji tərəfdaşlıqla daha da genişləndirilir. Yeni stansiyanın inşası istiqamətində hazırlıq tədbirlərində xeyli irəliləyiş əldə olunub. Hazırda Niş şəhər rəhbərliyi ilə koordinasiyalı şəkildə məkan planlaşdırılması və ilkin layihələndirmə işləri aparılır".

O qeyd edib ki, mövcud plana əsasən, qaz-elektrik stansiyasının tikintisinə 2028-ci ildə start veriləcək və layihə 2030-cu ilə qədər tam başa çatdırılacaq: "Bu müəssisənin istismara verilməsi Serbiyanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regionun enerji təminatında da mühüm rol oynayacaq".

Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Serbiyanın Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.

İyunun əvvəlində "Elektroprivreda Srbije" (EPS) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.