Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı səhmdar sazişi imzalayıb

Energetika
  • 30 sentyabr, 2026
  • 17:11
Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı səhmdar sazişi imzalayıb

Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS), "Srbijagas" qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Niş şəhərində kombinəedilmiş tsiklli buxar-qaz elektrik stansiyasının tikintisini nəzərdə tutan səhmdar sazişi imzalayıb.

"Report" Serbiyanın Dağ-mədən Sənayesi və Energetika Nazirliyinə istinadən xəbər verir ki, əldə olunmuş razılaşmalar həmçinin birgə müəssisənin təsis edilməsini nəzərdə tutur.

Sənədi EPS və "Srbijagas" rəhbərləri Duşan Jivkoviç və Duşan Bayatoviç, həmçinin SOCAR prezidentinin inkişaf və portfel məsələləri üzrə müşaviri, "SOCAR Turkey"nin baş direktoru Elçin İbadov imzalayıblar.

Müqavilənin şərtlərinə əsasən, birgə müəssisədə Serbiya iştirakçılarının payı 50 % təşkil edəcək, qalan 50 % isə Azərbaycan tərəfinə keçəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.

İmzalama mərasimində çıxış edən dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç qeyd edib ki, layihə hazırlığın qabaqcıl mərhələsindədir. Onun qiymətləndirməsinə görə, birgə müəssisənin yaradılması ölkənin enerji təhlükəsizliyi, enerji sisteminin sabitləşməsi və Serbiyanın cənub regionlarına kapital qoyuluşlarının cəlb edilməsi üçün strateji əhəmiyyət daşıyan təşəbbüsün səmərəli şəkildə icrasını təmin edəcək.

"Belə irimiqyaslı və mürəkkəb enerji layihələrinin həyata keçirilməsi üçün strateji tərəfdaşlıqlar zəruridir. Bu tərəfdaşlığın əsasını Serbiya və Azərbaycan prezidentləri Aleksandar Vuçiç və İlham Əliyevin qoyub. Bu əməkdaşlıq sayəsində bu gün biz üç ən mühüm sistemin – beynəlxalq enerji tərəfdaşlığı, qaz tədarükü və elektrik enerjisi istehsalının qarşılıqlı əlaqəsinə malikik. Bu, ilk növbədə artan elektrik enerjisi istehlakı və daha "təmiz enerji mənbələri"nə keçid zərurəti ilə əlaqədar olaraq Serbiya üçün uzunmüddətli əhəmiyyət kəsb edən layihənin inkişafı üçün yaxşı əsasdır. Qaz kömür və mazutla müqayisədə, enerji keçidi prosesində keçid enerji daşıyıcısı kimi çıxış edən belə bir mənbədir".

Bildirilib ki, yaxın gələcək üçün başlıca prioritet bütün zəruri texniki, iqtisadi və layihə araşdırmaları kompleksinin tamamlanması olacaq. Belə ki, qaz elektrik stansiyasının qarşıdakı dörd il müddətində tikilməsi nəzərdə tutulur.

"Serbiya Elektrosənayesi"nin baş direktoru Duşan Jivkoviç xatırladıb ki, hazırda ilkin texniki-iqtisadi əsaslandırmanın (TİƏ) işlənib hazırlanması artıq yekunlaşıb, Niş şəhərinin məkan planı qəbul edilib, layihə sənədlərinin hazırlanması və ötürücü şəbəkəyə qoşulma araşdırması ilə bağlı müqavilələr bağlanıb, layihə təşkilatı işə cəlb olunub, eyni zamanda tam TİƏ və texniki sənədlərin hazırlanması prosesinə start verilib.

"Biz artıq bir neçə aydır ki, 500 MVt gücə malik yüksək səmərəliliyə sahib buxar-qaz elektrik stansiyasının tikintisi məqsədilə layihə üzərində aktiv fəaliyyət göstəririk", - D.Jivkoviç bəyan edib.

D.Bayatoviç isə öz növbəsində qeyd edib ki, Azərbaycan təbii qaz təchizatçıları sırasında Rusiyadan sonra Serbiyaya ikinci ən böyük tədarükçüdür və bu baxımdan elektrik enerjisi istehsalı sahəsindəki tərəfdaşlıq ikitərəfli əlaqələrin təbii davamıdır.

"Mən bu layihənin reallaşdırılmasında əldə olunan irəliləyişdən məmnunam. Praktikada artıq xeyli iş həyata keçirilib, ona görə də yeni qaz elektrik stansiyasının inşa ediləcəyinə tam əminəm. Bu stansiya ilk növbədə gələcək üçün son dərəcə vacib olan elektroenergetika sisteminin balanslaşdırılması məqsədilə EPS üçün zəruridir", - D.Bayatoviç əlavə edib.

E.İbadov vurğulayıb ki, bu sazişin imzalanması dövlətlərarası enerji əməkdaşlığının gücləndirilməsində mühüm bir addımdır: "Bu saziş SOCAR və EPS-ə Nişdə kombinəedilmiş buxar-qaz elektrik stansiyasını ortaq şəkildə inkişaf etdirmək imkanı yaradır. Biz mühəndis ekspertlər qrupunun iştirakı ilə texniki-iqtisadi əsaslandırma sənədini hazırlayacağıq. Hazırlıq mərhələsi başa çatdıqdan sonra hədəfimiz birgə investisiya qərarının qəbul edilməsidir. Biz dərk edirik ki, intensiv çalışmaq lazım olacaq və bu məqsədə nail olmaq üçün tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyik".

Sazişin imzalanması ərəfəsində layihənin Rəhbər Komitəsinin ilk toplantısı təşkil olunub və bu toplantıda Nişdə qaz elektrik stansiyasının tikintisinin gələcək inkişafı və praktiki icra məsələləri nəzərdən keçirilib. Toplantıda dağ-mədən sənayesi və energetika naziri, hər üç şirkətin rəhbərləri öz komandaları ilə birlikdə, eləcə də Niş şəhər administrasiyasının nümayəndələri iştirak ediblər.

44 filmi