Serbiya Azərbaycan qazının idxalını artırmaq üçün daha bir variant açıqlayıb
- 21 iyul, 2022
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya və Şimali Makedoniya arasında planlaşdırılan interkonnektor Azərbaycan qazının idxalını artırmaq üçün daha bir variant olacaq.
"Report" xəbər verir ki, bunu Serbiyanın mədən və energetika naziri Zorana Mixayloviç "Upstream" nəşrinə deyib.
"Bu xətt Serbiyaya Cənub Qaz Dəhlizinin davamı olan Trans-Adriatik Boru Kəmərindən qaz əldə etmək imkanı verə bilər", - o deyib.
Onun sözlərinə görə, ölkə Azərbaycandan təbii qazın, eləcə də Yunanıstan və Xorvatiyadakı idxal terminallarından mayeləşdirilmiş təbii qazın (LNG) uzunmüddətli tədarükünü təmin etmək üzərində işləyir: “Serbiya və Bolqarıstan arasında interkonnektor üzərində işlər davam edərkən, ölkə Makedoniya, Xorvatiya və Rumıniya regionu ilə potensial qaz birləşmələrini nəzərdən keçirir. Xorvatiyadan potensial boru kəməri qazı həmin ölkənin Aralıq dənizindəki Krk adasındakı LNG idxal terminalından təmin edə bilər. Bundan əlavə, Rumıniya ilə əlaqə Ukraynadan Rumıniya və Yunanıstana uzanan və hər iki istiqamətdə işləyə bilən köhnəlmiş qaz kəmərinə çıxış imkanı verəcək”.
Z.Mixayloviçin sözlərinə görə, bütün bu qaz kəmərləri tədarük marşrutlarının şaxələndirilməsi üçün vahid plan təşkil edir və müxtəlif istiqamətlərdən və mövcud “Balkan axını” boru kəməri vasitəsilə “Türk axını” boru kəmərinin davamı kimi Serbiyaya kifayət qədər təbii qazın çatdırılmasına imkan verəcək.
Bəzi logistika məhdudiyyətlərinə baxmayaraq, rəsmilər Serbiya-Bolqarıstan interkonnektorunun 2023-cü ilin sentyabrına qədər qaz tədarük etməyə başlayacağını gözləyirlər.
"Marşrutun hazırlanması və nəzarət məntəqələrinin tikintisi üzrə işlər aparılır. Ukraynada baş verən hadisələr və qlobal bazardakı təlatümlər istehsal materiallarının çatdırılmasında gecikmələr səbəbindən boruların çatdırılmasının layihənin uzadılmasına səbəb olub", - deyə, nazir bildirib.
Qaz kəmərinin ötürücülük gücü illik 1,8 milyard kubmetr olacaq və onların hamısı xarici şirkətlərin rəhbərliyi altında Azərbaycanın dəniz yataqlarından qaz idxalı üçün Serbiyaya əlçatan olacaq. Bu həcmlər Cənub Qaz Dəhlizi və daha sonra Yunanıstan-Bolqarıstan (IGB) birləşdiricisi vasitəsilə Bolqarıstana çatdırılacaq.
"Qazın həcmi tədarükün müqavilə şərtlərindən asılı olacaq. Hazırda razılaşdırılmış qiymət barədə danışmaq tezdir, lakin danışıqların yekun nəticəsinin Serbiya üçün mümkün qədər əlverişli olacağı gözlənilir", - Z. Mixayloviç dedi.
Serbiya hazırda bütün həcmlərdə qazı Rusiyadan, təxminən 2 milyard kubmetri idxal edir. “Balkan axını” kimi tanınan bu əlaqə Bolqarıstandan keçərək Serbiya ilə sərhədə qədər uzanır.
Serbiya prezidenti Aleksandr Vuçiç mayın sonunda “Qazprom”la Serbiyaya illik 2,2 milyard kubmetr Rusiya qazının tədarükünü nəzərdə tutan yeni üç illik qaz tədarükü müqaviləsini elan edib. Müqavilə iyun ayında paytaxt Belqradda imzalanmalı idi. Lakin Serbiyanın qonşuları öz hava məkanını nümayəndə heyətinin təyyarələri üçün bağladığı üçün mərasimə qatılacaq Rusiya nümayəndə heyəti səfərini ləğv etmək məcburiyyətində qalıb.