Səngəçal terminalından “Şahdəniz” qazının ixracı təxminən 7 % artıb

Energetika
  • 02 noyabr, 2023
  • 09:31
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı təxminən 7 % artıb

Bu ilin üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 172 milyon barel neft və kondensat ixrac edib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Məlumata görə, ki, bu 2022-ci ilin üç rübünün göstəriciləri ilə müqayisədə 1 milyon və ya 0.6 % çoxdur.

Üç rüb ərzində o cümlədən 171 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin üç rübü ilə müqayisədə 7 milyon barel və ya 4,3 % çoxdur.

Bu ilin üç rübündə 1 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon barel və ya 85,7 % azdır.

Bu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (2 milyard 522 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 160 milyon kubmetrdən və ya 6,8 % çoxdur.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln standart kubmetrdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.