Səngəçal terminalından “Şahdəniz” qazının ixracı artıb

Energetika
  • 12 may, 2020
  • 09:47
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı artıb

Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

 “Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-ci ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu ilin birinci rübü ərzində terminal təqribən 66 mln. barel neft və kondensat ixrac edib ki, bu 2019-cu ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 3 mln. və ya 4,35% azdır.

Rüb ərzində o cümlədən 58 mln. barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk üç ayı ili ilə müqayisədə 3 mln. barel və ya 4,92% azdır. Bu ilin birinci rübündə 8 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə eynidir.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51 mln.kubmetrdən çox (təqribən 1,8 mlrd. kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. kubmetrdən (təqribən 144 mln.  kubfutdan çox) çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.