Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 5,5 % artıb
- 01 avqust, 2024
- 11:14
Bu ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 110 milyon bareldən çox neft və kondensat ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu, 2023-cü ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 15 milyon barel və ya 4,3 % azdır.
Bu həcmlər Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib.
Səngəçal terminalından həmçinin gündəlik orta hesabla təxminən 76 milyon kubmetr (təqribən 2 milyard 683 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4 milyon kubmetr və ya 5,5 % çoxdur.
Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.