Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 15 %-dən çox artıb
- 03 noyabr, 2022
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 171 milyon barel neft və kondensat ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 1 milyon və ya 0,6 % azdır.
Üç rüb ərzində o cümlədən 164 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16 milyon barel və ya 10,8 % çoxdur.
Bu ilin 9 ayında 7 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17 milyon barel və ya 70,8 % azdır.
Bu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 67 milyon standart kubmetr (2 milyard 362 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 milyon kubmetrdən və ya 15,5 % çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.