Səngəçal terminalından I rübdə “Şahdəniz” qazının ixracı 2 %-dən çox azalıb

Energetika
  • 01 may, 2025
  • 15:47
Səngəçal terminalından I rübdə “Şahdəniz” qazının ixracı 2 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 52,3 milyon bareldən çox neft və kondensat ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.

Məlumata görə, bu həcmlərin hamısı BTC vasitəsilə nəql edilib. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə 2,7 milyon barel və ya 4,9 % azdır.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 73,3 milyon kubmetrdən çox (təqribən 2 milyard 589 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 1,7 milyon kubmetr və ya 2,3 % azdır.

Qeyd edək ki, Səngəçal terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.