Səfir: "Azərbaycanla enerji sahəsində əməkdaşlıq Moldovanın prioritetlərindən biridir"
- 09 oktyabr, 2025
- 14:04

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daim artır və Moldova Bakı ilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Bu barədə "Report"a açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.
"Əgər Moldovanın da aid olduğu Avropa qitəsinin enerji təhlükəsizliyindən danışırıqsa, qeyd etməliyəm ki, bu sahədə Azərbaycanın rolu getdikcə daha da artır. Buna görə də, əlbəttə ki, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişafına marağı vurğulamaq istərdim", - diplomat bildirib.
A.Esaulenko vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq məsələsi cari ilin aprelində Hökumətlərarası Komissiyanın iclasının əsas mövzusu olub.
"Kopenhagendə [ötən həftə - red.] dövlət başçıları səviyyəsində baş tutan dialoq çərçivəsində, Prezidentimiz Maya Sandu energetika sahəsində əməkdaşlıq potensialının inkişafına marağını ifadə edib. Azərbaycan qazının Moldovaya mümkün tədarükü ölkəmizin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər", - səfir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Moldova ticari-iqtisadi əlaqələrin inkişafında böyük potensiala malikdir: "Bu gün ticarət dövriyyəmizin göstəriciləri mövcud olan potensialı tam əks etdirmir. Şübhəsiz ki, burada ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün imkanlar var".