Sahil Babayev: "İndiyədək Azərbaycandan Serbiyaya 300 milyon kubmetr qaz ixrac olunub"

Energetika
  • 23 oktyabr, 2025
  • 17:55
Sahil Babayev: İndiyədək Azərbaycandan Serbiyaya 300 milyon kubmetr qaz ixrac olunub

Azərbaycandan Serbiyaya indiyədək təxminən 300 milyon kubmetr təbii qaz ixrac olunub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Belqrad şəhərində keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirib.

Nazirin sözlərinə görə, Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), EPS və "Srbijagas" şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq".

S. Babayev nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və "Yaşıl Enerji Dəhlizi" kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Srbijagas" şirkəti arasında qaz satışına dair müqavilə imzalanıb. Müqavilədə 2024-2026-cı illərdə Azərbaycandan Serbiyaya ildə 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub.

Bundan başqa, 2024-cü il sentyabrın 26-da SOCAR və "Srbijagas" arasında 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında Serbiyaya əlavə gündəlik 1 milyon kubmetr Azərbaycan qazının təchizatını nəzərdə tutan müqavilə imzalanıb.

Həmçinin bildirilib ki, Azərbaycan Serbiyaya qaz tədarükünün həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti