“Şahdəniz” yatağının əməliyyat xərcləri 13 % artıb

Energetika
  • 03 noyabr, 2022
  • 10:20
“Şahdəniz” yatağının əməliyyat xərcləri 13 % artıb

Bu ilin yanvar-sentyabr ayları ərzinndə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1 milyard 772 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 314 milyon ABŞ dolları əsaslı xərclər çəkilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rübün yekunu üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin 9 ayında “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 202 milyon ABŞ dolları və ya 12,9 % çox, əsaslı xərclərin həcmi isə 210 milyon ABŞ dolları və ya 40,1 % azdır.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə uyğun olaraq, “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilənin müddəti 2036-cı ildən 2048-ci ilə qədər uzadılıb. SOCAR və BP-nin (layihə operatoru) layihədə iştirak payı müvafiq olaraq 16,7 % və 28,8 %-ə yüksəlib.

Müqavilə tərəfləri arasında pay bölgüsü: BP - operator (29,99 %), AzSD (14,35 %), “SGC Upstream” (6,67 %), “Lukoil” (19,99 %), NICO (10 %) və TPAO (19%).

44 - Tezliklə