“Şahdəniz” yatağı üzrə əsaslı xərclər I rübdə 6 % artıb

Energetika
  • 01 may, 2025
  • 15:40
“Şahdəniz” yatağı üzrə əsaslı xərclər I rübdə 6 % artıb

Bu ilin yanvar-mart aylarında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 726 milyon ABŞ dolları əməliyyat xərcləri və 213 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı məlumatda qeyd edilib.

“Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 7 milyon ABŞ dolalrı və ya 0,97 %, əsaslı xərclərin həcmi isə 12 milyon ABŞ dolları və ya 5,97 % çoxdur.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.