“Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 10 %-dən çox artıb

Energetika
  • 04 avqust, 2022
  • 09:10
“Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 10 %-dən çox artıb

2022-ci ilin birinci yarısında "Şahdəniz" qaz-kondensant yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 260 milyon ABŞ dolları əməliyyat xərcləri və təxminən 186 milyon ABŞ dolları əsaslı xərclər çəkilib.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından II rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

"Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub", - hesabatda deyilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 10,5 % artıb, əsaslı xərclər isə 49,2 % azalıb.

BP-nin məlumatına görə, birinci yarımildə "Şahdəniz" yatağından Azərbaycan ("Azərkontrakt" ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

"İlin ilk altı ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilib", - hesabatda deyilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30 % və 5,3 % (19,2 %) çoxdur.

Mövcud "Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon standart kubmetrdir (ildə 25 milyard kubmetrdən artıq).

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).

44 - Tezliklə