“Şahdəniz”dən bu il hasil ediləcək qaz və kondensatın həcmi açıqlanıb
- 28 yanvar, 2025
- 13:32
Bu il Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 26,1 milyard kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 0,7 milyard kubmetr və ya 2,6 %, 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,2 milyard kubmetr barel və ya 0,8 % azdır.
Bu il “Şahdəniz” yatağından 31,2 milyon barel kondensatın hasil edilməsi gözlənilir ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 2 milyon barel və ya 6,02 % azdır. Bu, 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə 4 milyon barel və ya 11,4 % azdır.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).