“Şahdəniz”də qaz hasilatının hədəf səviyyəsinə çatmaq üçün yeni tarix müəyyən edilib
- 03 noyabr, 2022
- 07:33
2024-cü ilə qədər Xəzır dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından ümumi hasilatın 26 milyard kubmetrlik hədəf səviyyəsini bir qədər aşacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə 526 milyon ABŞ dollarınadək olan kommersiya kreditlərinin 95 %-nə kredit zəmanəti verdiyi Asiya İnkişaf Bankının (ADB) “Şahdəniz” qaz yatağının genişləndirilməsi layihəsinin başa çatması ilə bağlı hesabatında deyilir.
"Bu, daha çox sayda quyu istismara verildikdən və sualtı boru kəmərləri şəbəkəsinin tikintisini tamamladıqdan sonra mümkün olacaq", - ADB bildirir.
Hesabata əsasən, qaz yatağından illik qaz hasilatının 2015-ci ildə baza səviyyəsindən 9,8 milyard kubmetrdən 26 milyard kubmetrə qədər artırılması 2022-ci ildə gözlənilirdi: "Lakin COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə müəyyən gecikmələr oldu. Bu səbəbdən də bu səviyyəyə çatmağı 2024-cü ilə qədər planlaşdırır”.
ADB qeyd edir ki, “Şahdəniz” qaz yatağının genişləndirilməsi layihəsi transformasiya xarakteri daşıyır: "Bu, dünyanın ən böyük qaz yataqlarından birinin işlənməsini genişləndirdi ki, bu da yataqdan qaz hasilatını iki dəfədən çox, habelə ölkədə qaz hasilatını 67 % (2015-ci ildəki 29 milyard kubmetrdən 2024-cü ildə 48 milyard kubmetrdən çox) artırmağa imkan verir.
Bu, Azərbaycan iqtisadiyyatının güclənməsinə və iqtisadiyyatın diversifikasiyası üçün daha çox fiskal məkanın yaradılmasına kömək edəcək. Layihə həmçinin (magistral qaz kəmərləri ilə birlikdə) ənənəvi olaraq Rusiyadan və Yaxın Şərqdən qaz alan Avropaya Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə qaz tədarük etmək imkanı verməklə Avropanın enerji təhlükəsizliyini yaxşılaşdıracaq. Bu yaxınlarda SGC və hökumət izafi qaz kəməri ehtiyatlarının bərpa olunan enerji layihələri üçün istifadə imkanlarını araşdırmağa başlayıblar”.
Hesabatda həmçinin deyilir ki, “Şahdəniz” həm də Səngəçaldakı quru terminalında xam neftlə qarışdırılan və ixrac edilən qaz kondensatı hasil edir.
"Beləliklə, 2018-ci ilin sonuna qədər Türkiyəyə, 2020-ci ilin sonuna qədər isə Avropaya qaz tədarükünə başlamaq üzrə tapşırıqlar yerinə yetirilib. Layihənin infrastrukturunun tamamlanması üçün faktiki son tarix 2020-ci ildən sonraya uzadılıb. 500 km yeni sualtı boru kəmərinin 451 km-i 2021-ci ilin sonuna inşa edilib", -ADB qeyd edir.
Xatırladaq ki, “Şahdəniz” qaz yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir. Qaz yatağının işlənməsi dövlət, Azərbaycan Dövlət neft Şirkəti (SOCAR), “Cənub Qaz Dəhlizi” QSC və BP-nin rəhbərlik etdiyi dörd beynəlxalq şirkət arasında dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.
Yataqda kəşfiyyat, işlənmə və hasilat 1996-cı ildə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında həyata keçirilir. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə uyğun olaraq, “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilənin müddəti 2036-cı ildən 2048-ci ilə qədər uzadılıb. SOCAR və BP-nin (layihə operatoru) layihədə iştirak payı müvafiq olaraq 16,7 % və 28,8 %-ə yüksəlib.
Müqavilə tərəfləri arasında pay bölgüsü: BP - operator (29,99 %), AzSD (14,35 %), “SGC Upstream” (6,67 %), “Lukoil” (19,99 %), NICO (10 %) və TPAO (19%).